S.Soltan
İngiltərədə çıxan "Deyli meyl" qəzeti xəbər verir ki, 43 yaşlı İran vətəndaşı Səkinə Məhəmmədi Aştani barəsində yerli məhkəmə daşqalaq hökmü çıxarıb. Bu qadın nikahdankənar intim əlaqədə suçlandırılıb. Beynəlxalq Əfv Təşkilatı bu qərarı çağdaş dövlət üçün qəbuledilməz sayaraq, Tehran hakimiyyətini bu hökmü dəyişməyə çağırıb. Aştaninin 16 yaşlı qızı Fəridə və 20 yaşlı oğlu Səid beynəlxalq ictimaiyyətə müraciət edərək, anaları barədə çıxarılmış hökmün dəyişdirilməsini istəyiblər:
"Xahiş edirik ki, bizə yardım edəsiniz. Bu fəlakətin gerçəkləşməsinə imkan verməyin. Yaşadığımız bu dəhşəti təsvir etməyə söz tapa bilmirik. Anamızı xilas edin".
Mənbənin məlumatına əsasən, Səkinə 2006-cı ilin mayında məhkəmənin təzyiqi altında "nikahdankənar cinsi əlaqədə olduğunu etiraf edibmiş". Bu "etiraf"a görə, məhkəmə Aştani barəsində 99 şallaq hökmü çıxarmışdı.
Qeyd edək ki, İslam Respublikasının cinayət məcəlləsinə əsasən, nikahdankənar cinsi əlaqəyə görə daşqalaq edilməklə edam hökmü çıxarılır. Orta hesabla təxminən 20 dəqiqə ərzində atılan daşlar müəyyən edilmiş ölçüdə olmalı, məhkuma verilən əzab çox uzun sürməli, ölüm tez baş verməməlidir.
Belə bir əcaib cəza üsulu 1979-cu il inqilabından sonra həyata keçirilməyə başlayıb. Son illər bu hökm çox nadir hallarda icra olunurdu. Belə düşünmək olardı ki, orada belə bir ölüm hökmünün çağdaş zəmanəyə uyğun olmadığını dərk ediblər. Fəqət 2002-ci ildə belə bir ölüm hökmü ilə bağlı moratorium tətbiq edilsə də, həmin maddə cinayət məcəlləsində saxlanmaqdadır. Beləliklə, İranın məhkəmə sistemi beynəlxalq ictimaiyyətin tövsiyələrinə məhəl qoymayaraq, orta əsrlərə xas daşqalaq edilməklə ölüm hökmünü hələ də icra edir.
İranda qadın hüquqsuzluğuna daha bir misal: hakimiyyət bir tərəfdən var qüvvəsi ilə çalışır ki, ölkə vətəndaşları "hicab" adlandırılan qaydalara əməl etsinlər, digər tərəfdən isə yetkinlik yaşına çatmayan qızların ailə həyatı qurmasına göz yumur.
Hüquq müdafiəçisi Məhəmməd Bünyadzadə "İLNA" xəbər agentliyinə müsahibəsində bildirib ki, rəsmi statistikaya əsasən, hazırda İslam Respublikasında yetkinlik yaşına çatmayan 950 yeniyetmə nikaha girib, onların 85 faizi qızlardır.
Onun sözlərinə görə, ölkə qanunları bir yandan "11 yaşdan az olanların seçib-seçilmə hüququnu tanımır, o biri yandan isə 9-dan 13 yaşadək qızların ailə qurmasına icazə verir".
Məhəmməd Bünyadzadə bildirib ki, səsvermədə uşaqların yaş həddinə əməl olunur, bununla yanaşı, 15-18 yaşda olan yeniyetmələr işləyir və bu halda onların haqqı, maraqlarının qorunması müşahidə olunmur:
"Azyaşlı qızlar oyuncaqları ilə oynamalı, təhsil almalıdırlar, lakin əfsuslar olsun ki, həyat yoldaşı rolunu oynayırlar. Onlar həyat yoldaşı vəzifəsini yerinə yetirməyə məsuldurlar. Bu halda vaxtından qabaq hamiləlik ananın və doğulacaq uşağın sağlığına ciddi zərər vura bilir".
Yetkinlik yaşına çatmayan qızların hüququnu qorumaq istəməyən hakimiyyət insanların şəxsi həyatına müdaxilə etməkdən çəkinmir. Hələ mərhum ayətulla Müntəziri zina ilə bağlı məsələni şərh edərkən deyirdi ki, bunun üçün 4 şahid olmalı, zinada təqsirləndirilənlər əməllərini etiraf etməlidir. Bəzən məhkəmə hakimlərinin acgözlüyü və yanlışlığı ucbatından insanlar bu suçla ittiham olunurlar.../Ayna.az
No comments:
Post a Comment